Türkiyə sərhədində YPG ilə atışma

PKK terror təşkilatının Suriya qolu olan YPG Türkiyə sərhəd məntəqəsinə atəş açıb. APA TV-nin məlumatına görə, "Reuters" ötən gecə Afrinlə üzbəüz Soylu sərhəd məntəqəsinə Suriya tərəfdən atəş açıldığını, Türkiyə Silahlı Qüvvələrinin qarşılıq verdiyini yazıb.

 

Mərkəzi Londonda yerləşən İnsan Haqları Müdafiəsi Təşkilatı isə Afrini Türkiyə topçularının vurduğunu və altı YPG üzvünün öldüyünü bildirib. Ancaq "Reuters"in xəbərinə görə, bölgədəki yüksək rütbəli hərbçilər Soylu sərhəd məntəqəsinə PYD üzvləri tərəfindən avtomatlarla atəş açıldığını və qaydalara uyğun eyni tipli silahlarla cavab verildiyini deyib.

 

Türkiyə tərəfi eyni zamanda qarşı tərəfdə hər hansı itkidən xəbərdar olmadıqlarını vurğulayıb.

 

Qeyd edək ki, Afrin qəsəbəsi Əsəd qüvvələrinin çəkildiyi 2012-ci ildən YPG-nin nəzarətindədir.

 

Müəllif | Apa.Tv
Apa.tv