Hadı Rəcəbli: "Ünvanlı sosial yardım alıb, evdə yatıb dincəlməkdənsə..."
"Azərbaycan dövlətinin məşğulluq siyasəti ilə bağlı əsas məqsədi əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunu təmin etməkdən ibarətdir. Bu məqsədə nail olmaq və işsizliyin aradan qaldırılması, onu minimum həddə salınması üçün prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında Sərəncamı" özünüməşğulluğuna kömək göstərilməsi məqsədi daşıyır".
Bunu APA TV-yə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.
O qeyd edib ki, bütün dünyada aparılan sosial müdafiə sistemində ələbaxımlılıq arxa plandadır: "Özünüməşğulluq o deməkdir ki, sağlam, özünü idarə edən hər bir kəsə işləmək üçün şərait yaradılsın. Məsələn, biri kənd yerində yaşayır, sağlamdır, amma şəhərə gəlib işləyə bilmir. Onun üçün bir neçə arı pətəyi alıb verirlər ki, bu işlə məşğul olsun. Vəsaiti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ayırır, nəzarət də edir. Eyni zamanda həmin insanlara heyvandarlıqla məşğul olmağa da eyni formada şərait yaradılır. Beləliklə, insan ələbaxımlılıqdan özünüməşğulluğa keçir. Amma bu o demək deyil ki, ünvanlı sosial yardım olmayacaq, sosial müdafiə üçün vəsait ayrılmayacaq".
"Müavinət sistemi qədər eybəcər ələbaxımlılıq yaradan sistem yoxdur" deyən komitə sədri bildirib ki, dünyada daha çox iş yerlərinin yaradılmasına, insanların əməyə cəlb olunmasına diqqət yetirilir, biz də bu yolu seçmişik: "Vəsait o adama ayrılacaq ki, əli-ayağı, fiziki durumu yerində deyil. Bu gün ünvanlı sosial yardım alan əhalinin 70 faizinin fiziki sağlamlığında heç bir problem yoxdur. Onların 75 faizinin torpaq sahələri, həyət-bacaları var. Ünvanlı yardım alıb evdə yatıb dincəlməkdənsə, həmin şəxslərə yardım olunması, iş yeri yaradılması daha yaxşı olardı. Bunu da zaman diktə elədi".
Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda hər ay yüzlərlə ailə ünvanlı sosial yardım alır. Bu yardım isə nəğd ödəniş formasında həyata keçirilir. Yəni müəyyən edilmiş vəsait ünvanlı sosial yardım alan şəxsin kartına köçürülür. Təkcə 2015-ci ilin yekununda Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı 492 min nəfər və yaxud 11273 ailə olub. Yardım alanlar əhalinin 5,1%-ni təşkil edib.