Prezident İlham Əliyev Xaçmaz rayonuna səfər edib

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 8-də Xaçmaz rayonuna səfərə gəlib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

 

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verib.

 

Prezident İlham Əliyev Xaçmaza səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

 

Məlumat verilib ki, binanın inşasına 2015-ci ilin fevralında başlanılıb və 2016-cı ilin mart ayında tikinti işləri başa çatdırılıb. Prezident İlham Əliyev Mərkəzin binasını gəzərək yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.

 

Prezident Xaçmaz şəhərinin mərkəzində yerləşən Nikah evinin binasının açılışını edib. Məlumat verilib ki, 2005-ci ildə sosial təyinatlı obyekt kimi inşa edilən bina əsaslı təmir və yenidənqurma işlərindən sonra Nikah evi kimi fəaliyyət göstərir. Nikaha daxil olmaq istəyən şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi digər tibb müəssisələrinə müraciət edilmədən bilavasitə burada həyata keçiriləcək.

 

Azərbaycan prezidenti Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına məlumat verilib ki, Bayraq Meydanının və Bayraq Muzeyinin binasının inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2015-ci ildə başa çatdırılıb. Bayraq Meydanında və muzey binasında inşaat işləri rayonun daxili imkanları hesabına həyata keçirilib.

 

Ümumi ərazisi bir hektar olan Bayraq Meydanında hündürlüyü 85 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 240 kvadratmetr olan fəvvarə tikilib, 5360 kvadratmetr sahədə yaşıllıq salınıb, dekorativ ağac və gül kolları əkilib, 4020 kvadratmetr sahəyə üzlük daş döşənib, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.

 

Ərazidə tikintialtı sahəsi 320 kvadratmetr olan 1 ekspozisiya zalı, 2 köməkçi açıq eyvan və diametri 11 metr olan günbəzdən ibarət Bayraq Muzeyi inşa edilib.

 

Tikinti ərazisində 250 kvadratmetr yaşıl mərmərdən, bayraq dirəyinin təməlində 70 kubmetr dəmir-betondan istifadə olunub.

 

Daha sonra prezident İlham Əliyev Xaçmaz rayonunda Xudat-Yalama-Zuxuloba avtomobil yolunun açılışını edib.

 

Dövlət başçısı əvvəlcə yolun tikinti layihəsini əks etdirən stendə baxıb. Azərbaycan Prezidentinə yolun texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, Xudat-Yalama-Zuxuloba avtomobil yolu uzun müddət təmir olunmadığına görə, xüsusən də ağır çəkili yük avtomobillərinin intensiv hərəkəti nəticəsində magistralın bir çox yerlərində qabarmalar və çökmələr yaranmışdı. Yolun əsaslı təmirinə bu ilin may ayında başlanılıb və avqustda başa çatdırılıb. Xudat-Yalama-Zuxuloba avtomobil yolu rayonun 18 yaşayış məntəqəsini birləşdirir.

 

Avtomobil yolunun açılışından sonra Xudat şəhərinin bir qrup sakini ilə görüşüb.

 

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində Yalama kəndindəki Heydər Əliyev adına parkda yaradılan şəraitlə də tanış olub. Məlumat verilib ki, Yalama kəndindəki Heydər Əliyev adına parkın ümumi sahəsi 1 hektardır. Parkın ərazisində Heydər Əliyev Mərkəzinin Yalama kənd filialı da fəaliyyət göstərir. Ümumi sahəsi 120 kvadratmetr olan mərkəzin binasının qarşısında Ümummilli Liderin büstü ucaldılıb. Prezident İlham Əliyev büstün önünə gül dəstəsi qoyub.

 

Sonra dövlət başçısı burada ləzgi icmasının nümayəndələri ilə söhbət edib.

 

Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

 

İqtisadiyyat naziri Şahin Mustafayev aqroparkda görülən işlərlə bağlı dövlət başçısına ətraflı məlumat verib. Bildirilib ki, 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbar və saatda 30 ton taxıl qurudan qurğu quraşdırılıb.

 

Prezident İlham Əliyevə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Quba-Xaçmaz iqtisadi rayonunda sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verilib. İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, indiyədək fond vasitəsilə Quba-Xaçmaz iqtisadi rayonu üzrə 2260-dək sahibkara 163,5 milyon manat güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş güzəştli kredit hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Xaçmaz rayonu üzrə isə 790 sahibkara 50,6 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 3300-dən çox yeni iş yeri açılıb.

 

Prezident İlham Əliyev Yalama Aqroparkında yaradılan şəraitlə tanış olub.

 

Aqroparkla tanışlıqdan sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Müəllif | Apa.Tv
Apa.tv