Putinin sürücüsündən sonra köməkçisi də qəzaya düşdü - MÜƏMMA
Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkov Moskvada Kremlə gedərkən qəzaya uğrayıb. APA TV-nin “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi Yeni Arbat prospektində qeydə alınıb. Salonunda Surkovun olduğu AMP hökumət seriyalı nömrə nişanlı "BMW" markalı avtomobil ayrılmış hərəkət zolağında geri dönüş manevri edən “Ford Galaxy” markalı taksiyə çırpılıb.
Qəza nəticəsində xəsarət alan olmayıb. Putinin köməkçisi hadisə yerini dərhal başqa avtomobillə tərk edib.
Xatırladaq ki, sentyabrın 6-da Rusiya prezidenti Vladimir Putinin xidməti maşını qəzaya uğramışdı. Qəza Moskvanın Kutuzov prospektində qeydə alınmışdı
Kreml qarajının “1 nömrəli maşını” sayılan zirehli “Mercedes"lə sürətlə hərəkət edən zaman qəfil yoldan çıxmışdı. Naməlum səbəbdən idarəetməni itirən sürücü maşını sola çəkmiş, bu zaman qarşıdan gələn avtomobillə toqquşmuşdu. Qəza zamanı Vladimir Putin maşında olmasa da, sürücüsü hadisə yerində dünyasını dəyişmişdi.