Mixail Zabelin: "Rusiya lazımi addımlar atacaq"

Azərbaycanın Rus İcması Rusiyada baş verən son olaylarla bağlı bəyanatla çıxış edib. APA TV-nin xəbərinə görə, bəyanatın mətni barədə məlumat verən İcmanın sədri, millət vəkili Mixail Zabelin deyib ki, rəhbərlik etdiyi qurum Azərbaycanlıların hüquqlarının qorunması üçün Rusiya hökuməti ilə birgə tədbirlər həyata keçirəcək. Onun sözlərinə görə, Rusiya mətbuatında yayılan məlumatlarda qətldə təqsirləndirilən şəxsin milli mənsubiyyətinin qabardılması ksenofobiya tendensiyalarını gücləndirmək məqsədi daşıyır.

 

"Rusiyada yaşayıb orada işləyən Azərbaycan vətəndaşlarının 90 faizi ölkə qanunlarına ciddi riayət edir. Qərbi Biryulevo sakinlərinin emosional çıxışlarının təxribatçı qüvvələr tərəfindən millətlərarası münaqişəni alovlandırmaq üçün istifadə etməsi bizi çox məyus etdi. Rus icması ümid edir ki, Rusiya ictimaiyyəti, parlamenti və hökuməti millətlərarası sülhün pozulmaması üçün lazımi addımlar atacaq.

 

Millət vəkili həmçinin bu hadisələrdən sonra Azərbaycanda Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyasına da toxunub.

 

"Bu çıxışlar populist xarakter daşıyır: Düşünmürəm ki, kimsə bu çıxışların dalınca getsin. Azərbaycan hökuməti buna imkan verməz. Biz Azərbaycan xalqı ilə dostluq və əmin-amanlıq şəraitində yaşayırıq. Burada bizim milli adətlərimizin qorunması və yaşaması üçün dövlət tərəfindən bütün şərait yaradılıb".

 

Mixail Zabelin vurğulayıb ki, Azərbaycanda heç bir zaman kütləvi informasiya vasitələri üçün cinayət törədənin milli mənsubiyyəti mövzu olmayıb.

 

Müəllif | Apa.Tv