Əvvəl atı vurdu, sonra maşını ağaca çırpdı - ZAQATALADA DƏHŞƏTLİ QƏZA
Zaqatalada baş verən yol qəzasında ikisi ağır olmaqla, üç nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, hadisə dünən axşam saat 22:45 radələrində rayonun Aşağı Tala kəndinin mərkəzi yolunda baş verib. Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü Həbibullah Sərdar oğlu Həmzəyev idarə etdiyi “VAZ 2106” markalı 62 BE 102 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən maşının qabağına anidən atın çıxması səbəbindən ilk öncə atı vurub, daha sonra isə idarəetməni itirərək maşını yolun kənarındakı tut ağaclarına çırpıb. Qəzadan sonra at ölüb, sürücü Həbibullah Həmzəyev, avtomobildə olan sərnişinlər - Aşağı Tala kənd sakini, 1990-cı il təvəllüdlü Mühüddin Nurəddin oğlu Tahirov və Zaqatala şəhər sakini 1991-ci il təvəllüdlü Leyla Nadir qızı Ömərova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Zaqatala RMX-dan APA TV-yə bildirilib ki, yaralıların vəziyyətləri ağır olduğundan onlar qapalı kəllə-beyin travması diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Digər yaralı Həbibullah Həmzəyev isə travmatologiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.