Azad Suriya Ordusu: Qurban bayramına qədər əl-Bab şəhəri azad olunacaq

"Fərat qalxanı" hərəkatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu əl-Bab şəhərinə yaxınlaşır.

 

APA TV-nin məlumatına görə, əməliyyatların 17-ci günündə müxaliflər şəhərin şimal tərəfdən 20 kilometrliyinə çatıb.

 

İŞİD terrorçularının əl-Baba hərbi və canlı qüvvə topladığı barədə xəbərlər var. Azad Suriya Ordusu isə "Sultan Murad" Briqadası, Türkiyə tank və zirehli texnikasının dəstəyi ilə İŞİD və YPG terrorçularına qarşı döyüşərək şəhəri mühasirəyə almağa çalışır. Əl-Babın Qurban bayramına qədər terrorçulardan azad olunması hədəfə alınıb.

 

Türkmənlərdən ibarət "Sultan Murad" Briqadasının komandanı Fehim İsa bildirib ki, əl-Bab şəhərini azad etmək üçün həm İŞİD-lə, həm də YPG ilə döyüşürlər. "Hədəfimiz çox böyükdür. Bütün Suriyanı azad etmək istəyirik - PYD-dən, İŞİD-dən və Əsəd rejimindən. Bizə verilən böyük dəstəyə görə türk xalqına, türk ordusuna təşəkkür edirik. Bizi tək buraxmadılar. Biz onsuz da qardaşıq. Xalqımız Türkiyənin əməliyyatlarını və yardımlarını unutmayacaq", - deyə Fehim İsa qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv