İlqar Hacıyev: "Artıq Rusiyada azərbaycanlıları incitmirlər"
"Artıq Moskvada və Rusiyanın bölgələrində sənədləri yoxlanılan azərbaycanlılar incidilmirlər".
Ümumrusiya Azərbaycanlıları Konqresinin icraçı direktoru İlqar Hacıyev APA TV-yə bildirib ki, Rusiya rəhbərliyi Moskvanın Qərbi Biryulevo rayonunda baş verən olayla bağlı mövqeyini açıqladıqdan sonra soydaşlarımızın konqresin mərkəzi ofisindəki qaynar xəttə zənglərinin sayı dəfələrlə azalıb.
"Bu gün 6 zəng daxil olub səhərdən. Ancaq birinci gün 50-100 zəng gəlirdi bizə. Yəni narahatçılıqlar yoxdur. Narahatçılıq yalnız miqrasiya məsələləri ilə bağlıdır. Rusiyaya daxil olanlar, Rusiyadan gedib qayıtmaq istəyirlər. Öyrənmək istəyirlər ki, hansı problemlərlə rastlaşa bilərlər".
İlqar Hacıyev deyib ki, müraciət edənlərin bəzilərini bu ölkədə keçiriləcək "Rusiya marşı" da maraqlandırır. O, bununla bağlı soydaşlarımızı narahat olmamağa çağırıb.
"Rusiya marşı qanun çərçivəsində keçirilməlidir. Bu gün Rusiya hökuməti öz ehtiyatını görür. Təbii ki, polislər tərəfindən ciddi addımlar atılıb ki, həmin o yerlərdə polislər qoruyacaq. Və icazə verməyəcək ki, onlar hər hər hansı bir millətə nifrətlərini bildirsinlər ".
Bütün hallarda həmin gün soydaşlarımızı ehtiyatlı olmağa çağıran Konqresinin icraçı direktoru bildirib ki, onlara qarşı təzyiq olacağı təqdirdə Rusiya hökumətinə və Ümumrusiya Azərbaycanlıları Konqresinə müraciət edə bilərlər.