Qan xərçənginə tutulan tanınmış rejissor: "Bu xəstəliyi Allahın imtahanı kimi qəbul edirəm"

Tanınmış rejissor Şahin Zəkizadə kəskin limfoblast leykemiya xəstəliyindən əziyyət çəkir. APA TV-nin çəkiliş qrupu Şahin Zəkizadənin sağlıq durumu ilə maraqlanmaq üçün Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olub.

 

Səhhəti ilə bağlı xəstəxana rəhbərli onunla ünsiyyətə icazə vermədiyindən, əvvəlcə Şahin Zəkizadə ilə telefon əlaqəsi saxladıq: "Hazırda yaxşıyam, pozitivəm. Ötən həftənin şənbə günü qəflətən səhhətim pisləşdi, huşumu itirdim. Əvvəlcə fikir vermədim. Sonradan ciddi halsızlıq hiss elədim. Xəstəxanaya müraciət etdim. Qan analizlərindən sonra məlum oldu ki, ağır leykemiya xəstəliyidir. Hazırda xəstəxanadayam. İntensiv terapiyaya sabahdan başlanacaq. Bu xəstəliyi Allahın imtahanı kimi qəbul edirəm. Bütün sənət dostlarıma, həmkarlarıma, sizlərə diqqətiniz üçün təşəkkür edirəm".

 

Daha sonra Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri Valeh Hüseynovla görüşdük. Valeh Hüseynov APA TV-yə açıqlamasında qeyd edib ki, Şahin Zəkizadə limfoblast leykemiya xəstəliyinə tutulub: "Onun müalicəsinə sentyabrın 8-dən başlanılıb. İlkin nəticəsi bir aydan sonra aparılacaq sümük iliyi müayinəsindən sonra müəyyən ediləcək. Hazırda pasiyentin ən müasir protokollarla müalicəsinə başlanılıb. Bu, çox ağır kimyəvi dərman müalicəsidir. Bu müddət ərzində xəstə üçün ən təhlükəli ağırlaşmalar ola bilər. Bunlardan ən təhlükəlisi xəstənin immun sisteminin zəifləməsi ilə əlaqədar olan infeksion ağırlaşmalardır. Məhz buna görə pasiyentlə birbaşa ünsiyyət onun özü üçün təhlükəlidir. Gələcəkdə xəstəyə stogenetik analizlərin və aparılan müalicənin nəticəsinə görə sümük iliyinin transplantasiyası planlaşdırıla bilər".

 

Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə ilə də görüşdük: "Şahinin səhhətində heç vaxt ciddi problem olmayıb, səhhəti qəflətən pisləşib. Əvvəlcə elə bildik soyuqdəymədir. Çünki hərarəti yüksəlmişdi. Sonra isə halsızlıq və huşunu itirmələr intensivləşdi. Dərhal qan analizləri verdik, hətta cavabları da İrana göndərdik. Bütün nəticələr eyni idi. Limfoblast leykemiya xəstəliyi, yəni "ağ qan qırmızı qanı yeyir" desəm, daha anlaşılan olar. Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsində Şahinə çox yaxşı baxılır, diqqətdə saxlanılır. Amma xəstəliyin müalicəsi üçün maddi durumumuz çətindir. Şahinin iki övladı var. Biri 6, digəri 1 yaşında. Mən onun günü-gündən gözümün qarşısında əriməsinə dözə bilmirəm. Çox xahiş edirəm imkanlı şəxslərdən, Şahinin həyatına biganə qalmasınlar. Bu xəstəlik hər növ maddiyyat tələb edir. İstər Azərbaycanda, istər xaricdə müalicəyə böyük məbləğdə pul lazımdır. İlkin müalicə üçün lazım olacaq müəyyən məbləği ödəyə bilsək də, sonrasını qarşılaya bilmərik. Vəsait getdikcə artır".

 

Artıq Şahin Zəkizadə üçün bank hesabı da açılıb.

 

AZƏRBAYCAN BEYNƏLXALQ BANKININ NƏRİMANOV FİLİALI

 

Ünvan - AZ 1110, Bakı şəhəri , H. Əliyev 94

M/h № AZ 03 NABZ 01350100000000002944,KOD 805540

VÖEN 99 000 1881 , SWİFT: IBAZAZ2X

TEL: 012 465 65 62 , 465 82 75,465 82 75

MAHMUDOV KƏNAN MAHMUD

HESAB № AZ70IBAZ33801019442103813206

 

Allahdan Şahinə şəfa diləyirik.

Müəllif | Apa.Tv
Apa.tv