İrəvan erməniləri: "Hökumətin istefası heç nəyi dəyişməyəcək"
Ermənistanda baş nazirin və Nazirlər Kabinetinin istefaya getməsinə İrəvan erməniləri münasibət bildiriblər.
APA TV-nin Ermənistanın İctimai kanalına istinadən məlumatına görə, vətəndaşlar bu dəyişikliyin də ölkəni düşdüyü vəziyyətdən xilas etməyəcəyini deyirlər.
Rəyi soruşulanlar yenə də ümidsiz olduqlarını bildirib, sosial vəziyyətin düzəlməyəcəyini qeyd ediblər.
"Ölkənin siyasi kursu, bütövlükdə sistem dəyişməlidir. Biz daha çox istefa gözləyirik. Hazırkı vəziyyətdə böyük dəyişiklər olmalıdır", - deyə onlardan biri vurğulayıb.
İrəvan sakinləri namizədliyi dəstəklənən yeni baş nazirin çox zəif xarakterə malik olduğunu bildiriblər: "Qlobal dəyişiklərə ümid bağlamaq sadəlövhlük olar. Ona görə ki, Ermənistandakı durumun düzəlməsi hökumət başçısının şəxsi keyfiyyətindən və xarakterindən çox asılıdır. Namizəd Karen Karapetyan isə yüksək vəzifədə olduğu zaman adi məmurlarla da bacarmadı. Baş nazir postunda o guya nə edəcək?"
Xatırladaq ki, Ovik Abramyanın istefasından sonra ölkənin baş naziri postuna vaxtı ilə İrəvanın meri olmuş Karen Karapetyanın gətiriləcəyi bildirilir.