Azərbaycan prezidenti İndoneziya parlamentinin sədr müavinini qəbul edib
Bu gün Azərbaycan prezidenti İlham Əliyev İndoneziya Respublikası Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
APA TV-nin xəbərinə görə, dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında ikitərəfli əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayıb.
İki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə həmişə dəstək verməsinin önəmini qeyd edən prezident İlham Əliyev iqtisadi, enerji, turizm və digər sahələrdə də əlaqələrimizin inkişaf etdirilməsinin zəruriliyini bildirib. Azərbaycanla İndoneziya arasında ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını təəssüflə qeyd edən dövlət başçısı birgə səylər nəticəsində bu sahədə də irəliləyişlərə nail olmağın mümkünlüyünü deyib.
İndoneziyanın turizm sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Azərbaycan prezidenti turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün iki ölkə arasında viza rejiminin sadələşdirilməsi istiqamətində zəruri addımların atılmasının məqsədəuyğun olduğunu deyib. Dövlət başçısı daha çox indoneziyalının Azərbaycanla tanış olmalarında ölkəmizin maraqlı olduğunu vurğulayıb.
Xalq Məşvərət Məclisinin sədr müavini Oesman Sapta Odanq İndoneziya Respublikasının prezidenti Coko Vidodonun salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycan prezidentinin İndoneziyaya səfərinin ölkəsində böyük səbirsizliklə gözlənildiyini deyib və İndoneziya prezidentinin rəsmi dəvətini Prezident İlham Əliyevə çatdırıb.