MSK və DİN Şəkidə zona seminar-müşavirəsi keçirdi
Mərkəzi Seçki Komissiyası (MSK) və Daxili İşlər Nazirliyi Şəkidə sentyabrın 26-na təyin olunmuş ümumxalq səsverməsində (referendum) polis əməkdaşlarının xidməti fəaliyyətinin təkmilləşdirilməsinə dair zona seminar-müşavirəsi keçirib.
APA TV-nin məlumatına görə, seminar-müşavirədə MSK-nın, nazirliyin, şəhər və rayon polis idarələrinin nümayəndələri və dairə seçki komissiyalarının sədrləri iştirak ediblər.
Tədbirin təşkilində əsas məqsəd seçki qanunvericiliyinin və polisin üzərinə düşən vəzifələrin izah edilməsi olub.
Seminar-müşavirədə seçki qanunvericiliyi, seçki sistemi, səsvermə prosesi, onun mərhələləri və müddətləri, seçki komissiyaları və polis orqanlarının birgə fəaliyyəti mövzularında çıxış edən Mərkəzi Seçki Komissiyasının üzvü Baxşeyiş Əsgərov bildirib ki, belə maarifləndirici tədbirlər artıq ənənə halını alıb.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Əziz Baxışov referendum kampaniyası dövründə və səsvermə günü ictimai qaydanın təmin edilməsi ilə bağlı polis əməkdaşlarının hüquq və vəzifələrindən danışıb. O, çıxışında səsvermədən sonra seçki bülletenlərinin və digər sənədlərin dairə və Mərkəzi Seçki Komissiyasına gətirilməsi zamanı yüksək təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyini vurğulayıb.
Sonra MSK Katibliyinin hüquq şöbəsinin baş məsləhətçisi Rafiq Abbasovun referendumun subyektləri, onların hüquq və vəzifələri, fəaliyyətlərinə qanunsuz müdaxilənin yolverilməzliyi mövzusunda çıxışı dinlənilib.
Sonda tədbir iştirakçılarına polis əməkdaşlarının ümumxalq səsverməsində iştirakına dair yaddaş kitabçası paylanılıb.