Qəbələdə referendumla bağlı təşviqat görüşü keçirildi

Sentyabrın 26-da keçiriləcək referendumun təbliğat-təşviqat kampaniyası çərçivəsində “Vətəndaş Cəmiyyəti” Təşviqat Qrupunun üzvləri ölkəmizin müxtəlif bölgələrində seçicilərlə görüşlər keçirir.

 

APA TV-nin məlumatına görə təşviqat qrupu nümayəndələrinin növbəti görüşü Qəbələ şəhərində olub.

 

Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədrisi Mərkəzində keçirilən tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov referenduma çıxarılan Konstitusiya dəyişiklikləri bağlı geniş məlumat verib, rayonun inkişafı və abadlıq-quruculuq işlərindən danışıb.

 

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Qəbələ sakinlərinə referendumqabağı təşviqat kampaniyasında aktiv iştirak etdikləri üçün öz təşəkkürünü bildirib. O, Referendum Aktı layihəsini Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası istiqamətində atdığı dəyərli addım kimi qiymətləndirib: "Bu layihə Azərbaycanın qanunvericilik aktlarını daha da zənginləşdirəcək, insan hüquq və azadlıqlarının qorunması, demokratik dəyərlərin daha da inkişaf etdirilməsi  istiqamətində dövlətimizin qətiyyətli mövqeyini bir daha  nümayiş etdirəcək. Hesab edirəm ki, dövlət başçısının bu sərəncamı ölkəmizin demokratiya yolunda inamla irəliləməsinin məntiqi nəticəsidir. Hamımız bilirik ki, dövlətimizin iqtisadi imkanları artdıqca cəmiyyət də inkişaf edir. Ona görə də konstitusiyamızda dəyişikliklərin baş verməsi təəccüblə qarşılanmamalıdır. Tam əminliklə bildirmək istəyirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, Qəbələ rayonunda da seçicilər referendum günü məntəqələrə gedib seçimlərini edəcək, dəyişiklik və əlavələrə "HƏ" deyəcəklər".

 

Qəbələ rayonunun müxtəlif idarə və təşkilatlarında çalışan gənclərdən Günay Verdiyeva, İlkin Mikayılzadə, Ceyhun Əhmədov, Təranə Mürsəlova, Qəbələ QHT-lərin Regional Resurs və Təlim Mərkəzinin direktoru Qalib Nəbiyev, Qəbələ Texniki Peşə Məktəbinin direktoru Azad Məmmədov və başqaları çıxış edərək 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsində  iştirak edəcəklərini bildiriblər və bütün seçiciləri bu siyasi kampaniyada fəal iştirak etməyə çağırıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv