Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması yaradıldı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Açıq hökumətin təşviqinə dair hökumət-vətəndaş cəmiyyəti" dialoq platformasının təsis toplantısı keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbirdə dövlət qurumları və qeyri-hökumət təşkilatlarının, eləcə də vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev rəhbərlik etdiyi qurumun yarandığı tarixdən keçən dövr ərzində dövlətlə vətəndaş cəmiyyəti arasındakı dialoqun möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb. O, yeni yaradılan dialoq platforması təşəbbüsünün "Açıq hökumətin təşviqinə dair milli fəaliyyət planı" çərçivəsində irəli sürüldüyünü bildirərək, bunu təqdirəlayiq addım olaraq dəyərləndirib.

 

Açıq Hökumət Tərəfdaşlığının Azərbaycan üzrə milli əlaqələndiricisi, millət vəkili Vüsal Hüseynov isə bu platformanın vətəndaş cəmiyyətindən daha çox dövlət qurumlarının bilavasitə özləri üçün əhəmiyyətli olacağını bildirib.

 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli analoji dialoq təşəbbüslərinin həm vətəndaş cəmiyyətinin, həm də dövlətçiliyin inkişafında önəmindən bəhs edərək, bu tədbirin hökumətlə cəmiyyət arasında açıq əməkdaşlığa təkan verəcəyindən söz açıb.

 

Tədbirin yekununda "Açıq hökumətin təşviqinə dair hökumət- vətəndaş cəmiyyəti" dialoq platformasının təsis edilməsi haqqında memorandum qəbul edilib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv