Silsilə oğurluqların üstü açıldı: narkoman qardaşlarını da soyub

Saatlıda evlərdən oğurluq  edən narkotik vasitə aludəçisi  saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayon polis şöbəsinin əməkdaşları  tərəfindən keçirilən əməliyyat  zamanı  üzərində  narkotik vasitə olan heroin daşıyan, rayonun Qıraqlı kənd sakini, dəfələrlə məhkum olunmuş Quliyev Əfqan Abbasqulu oğlu saxlanılıb.


Əməliyyat  zamanı onun evinə baxış keçirilən  zaman oradan 406  qram çəkidə  narkotik tərkibli marixuana  aşkar edilib. Həmçinin istintaqın gedişi zamanı  saxlanılan şəxsin  Saatlı rayonu ərazisində  evlərdən xeyli sayda  müxtəlif adda  məişət əşyaları oğurladığı  məlum olub.

 

Əfqan Quliyev  Saatlı şəhərində Nuriyeva  Şirinxanım  Məhərrəm qızının evindən 9 min manat və Əhmədova Hicran Süleyman qızının evindən 9 min manat dəyərində  müxtəlif  ev əşyaları oğurlayıb. Bundan başqa, Əfqan  həmkəndlisi  Kazımova Güləbətin Fəxrəddin qızının  evindən 1640 manat dəyərində, qardaşları  Tural və Emilə məxsus evlərdən  də  müxtəlif  adda  və müxtəlif sayda  məişət əşyaları  oğurlayıb. Ümumilikdə Ə. Quliyevin 20 min manatdan artıq dəyərdə məişət əşyaları oğurladığı üzə çıxıb.

 

Oğurlanan  əşyaların  əksər  hissəsi əməliyyat  zamanı polis tərəfindən aşkarlanaraq götürülüb. Saxlanılan  Əfqan Quliyev barəsində İmişli rayon məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri seçilib. Hazırda  iş ətrafında araşdırmalar davam etdirilir. Əfqanın digər  cinayət əməllərində iştirakının olub-olmadığı istiqamətində  əməliyyat  tədbirləri  aparılır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv