ABŞ-dan Səudiyyə Ərəbistanına 11 sentyabr hədəsi
ABŞ Nümayəndələr Palatası 2001-ci ilin 11 sentyabrında törədilmiş terror hadisələri zamanı həlak olan şəxslərin yaxınlarının Səudiyyə Ərəbistanına qarşı iddia qaldırmasına imkan verən qanun layihəsini qəbul edib.
APA TV-nin xarici mətbuata istinadən məlumatına görə, "Terroru dəstəkləyənlərə qarşı ədalət" adlanan layihə yekdilliklə qəbul edilib.
Bununla belə, Səudiyyə Ərəbistanında etirazla qarşılanan layihəyə Ağ Ev tərəfindən veto qoyulacağı ehtimal edilir.
Sözü gedən qanun layihəsi 2001-ci il, sentyabrın 11-də törədilən və çoxsaylı insanın ölümünə səbəb olan hadisələrin təşkilində Səudiyyə Ərəbistanının rolunun olması səbəbindən bu ölkəyə qarşı məhkəmə iddiasının qaldırılmasını nəzərdə tutur.
Qeyd edək ki, həmin qanunun qəbulu gündəmə gəldiyi zaman Səudiyyə hakimiyyəti Birləşmiş Ştatların bu ölkədə mövcud olan 750 milyard dollar məbləğindəki kapitalını satmaqla təhdid etmişdi.