Göyçayda toqquşan avtomobillərdən biri aşdı: 1 ölü, 3 yaralı

Göyçay rayonunda bir nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə hadisə ötən gecə saat 1:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 216-cı kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb.


90-RX-840 dövlət nömrə nişanlı “VAZ 21015” markalı minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və qarşı tərəfdə, eyni istiqamətdə hərəkətdə olan 20-BZ-666 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik avtomobilinə arxadan çırpılıb. Sonra “VAZ 21015” markalı avtomobil zərbənin təsirindən yoldan çıxaraq ağaclara çırpılıb və aşıb.


Hadisə zamanı avtomobildə olan Göyçayın Kürdəmiş kənd sakini 1986-cı il təvəllüdlü Usubov Vasif Aydın oğlu, 1996-cı il təvəllüdlü İsayev Kənan Valeh oğlu, Türkmən kənd sakini 1991-ci il təvəllüdlü Qəhramanov Elvin Zahid oğlu və Göyçay şəhər sakini Həşimov Abduləli Məhəmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Elvin Qəhramanovun vəziyyəti çox ağır olduğu üçün həkimlərin səyinə baxmayaraq o, xəstəxanaya çatdırılan kimi dünyasını dəyişib. Yaralılardan ikisi reanimasiya, biri isə travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.


Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.    

Müəllif | Apa.Tv
Elvin Yaqubov