Saxlanılan şəxs: "Heç özüm də bilmirəm çətənəni niyə əkmişəm"
Xəzər rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilib. Əməliyyat nəticəsində Zirə qəsəbəsi, Qışlaq yaşayış sahəsi, ev 41-də yaşayan Abdullayev Mahir Hüseyn oğlu və onun qonşuluğunda yaşayan Əliyev Etibar Cahan oğlu saxlanılıblar. İstintaqla müəyyən olunub ki . bu şəxslər xeyli müddətdir özlərinə məxsus həyətyanı sahələrdə çətənə kolları əkərək onlardan istifadə ediblər.
Saxlanılan Mahir Abdullayev çətənə kolunu şəxsi istifadə üçün əkdiyini deyib: "Söz vermişəm, iki gün mən bunu qəbul eləməyim, sakit olum, tərgidərəm. Söz vermişəm, buradan 1 ildən sonra çıxsam, gedirəm məscidə, əl basıram. Daha ölsəm də, cəhənnəmə ki..."
Etibar Əliyev isə çətənə kolunu nə üçün əkdiyini əsaslandıra bilməyib: "Dünən saat 15 radələrində polis əməkdaşları gəldilər həyətə. Yatmışdım. Oyandım, axtardılar, bir kol çıxdı. Heç özümdə bilmirəm nə məqsədlə əkmişəm".
Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Araşdırma aparılır.