Gəncə sakini "Makarov" və "RQD-5"lə tutuldu
Gəncədə qanunsuz silah gəzdirən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, Gəncə şəhər Baş Polis İdarəsi və Nizami rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yeni Gəncə qəsəbə sakini 35 yaşlı Sənan İbrahimov şübhəli şəxs kimi saxlanılıb.
Onun üzərinə baxış zamanı "Makarov" markalı tapança və 8 ədəd patronla birlikdə bir ədəd sandıqca götürülüb. Əməliyyat-axtarış tədbirləri davam etdirilib və Sənan İbrahimovun yaşadığı mənzildən əlavə olaraq "RQD-5" tipli əl qumbarası aşkar edilərək götürülüb.
Bundan əvvəl də məhkumluq həyatı yaşayan Sənan İbrahimov tapançanı Rusiyadan gətizdirdiyini, qumbaranı isə həyətlərindən tapdığını deyib. Silah-sursatın cinayət əməlində istifadə olunub-olunmaması araşdırılır.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.