Türk ordusu İraqa girdi: 10 PKK-çı öldürüldü

Türkiyə Silahlı Qüvvələri İraq ərazisində quru əməliyyatı keçirib.

 

APA TV-nin məlumatına görə, İraqın şimalındakı Kelaspi dağı tərəfdən Türkiyəyə 40 PKK terrorçusunun keçəcəyi müəyyən olunub. Bundan sonra 600 nəfərlik heyətlə iki tabor gecə saatlarında Şırnakdan İraq ərazisinə 4 kilometr daxil olub.

 

Taborlardan biri hücum, digəri müdafiə işlərini yerinə yetirib. Əməliyyat nəticəsində təxminən 10 terrorçu məhv edilib. Türk əsgərlərinin gələcəyini bilən bir qrup terrorçu qaçmağa çalışıb. Onların arasında yaralıların olduğu bildirilir.

 

Terrorçular qaçarkən silah-sursatını ərazidə qoyub. Türk ordusu səhər saatlarında ölkəyə dönüb.

 

Əməliyyat zamanı bir ədəd "Doçka Zenit" silahı, iki ədəd sığınacaq, bir ədəd mövqe, böyük miqdarda silah-sursat və yaşayış vasitələri tapılaraq yerində məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv