Azərbaycan sərhədçiləri axtarışda olan 398 nəfəri saxlayıb
Dövlət Sərhəd Xidməti tərəfindən 2016-cı ilin avqust ayı ərzində dövlət sərhədini pozduqlarına görə 51 halda 67 nəfər saxlanılıb.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, onların 29 nəfəri Azərbaycan, 7 nəfəri Qana, 5 nəfəri İran, 5 nəfəri Özbəkistan, 4 nəfəri Nigeriya, 3 nəfəri Rusiya, 3 nəfəri Banqladeş, 3 nəfəri Ukrayna, 2 nəfəri Gürcüstan, 2 nəfəri Moldova, 2 nəfəri Türkiyə, 1 nəfəri Pakistan və 1 nəfəri Əfqanıstan vətəndaşı olub.
Sərhəd rejim qaydalarını pozduqlarına görə 1123 halda 1706 nəfər, o cümlədən yaşıl sərhəddə 13 halda 21 nəfər, Xəzər dənizində 32 halda 48 nəfər, sərhəd nəzarəti məntəqələrində 1637 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 398 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 143 kiloqram 672 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 62 halda ümumi dəyəri təqribən 1 milyon 603 min manat olan qaçaqmal, o cümlədən 2 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd siqnal tapançası, 92 ədəd müxtəlif kalibrli patronlar, 8 ədəd tank əleyhinə mina, 74 000 Azərbaycan manatı, 11 200 ABŞ dolları, 650 700 Rusiya rublu, 4 181 500 İran rialı, 10 200 qutu müxtəlif markalı siqaret, 137 ədəd mobil telefon, müxtəlif növ dərman preparatları, zinət əşyaları, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.