Astarada sel fəlakəti

Leysan yağışları Azərbaycanın Astara rayonunda bir sıra fəsadlara səbəb olub. APA TV-nin cənub bürosunun məlumatına görə, 12 saat ərzində rayona düşən yağıntının miqdarı 49,6 millimetr təşkil edib ki, bu da on günlük norma qədərdir. Yağıntılar nəticəsində rayonun Ərçivan qəsəbəsindən Kijabə qəsəbəsinə gedən istqamətdə 15, Artupa kəndində isə 20-yə yaxın fərdi yaşayış evi, həmçinin həyətyanı sahələr su altında qalıb. Sakinlər uşaqların məktəbə gedə bilmədiyini, ev quşlarının hində boğularaq tələf olduğunu deyiblər.

 

Hadisə yerinə birinci gələn Astara Rayon İcra Hakimiyyətinin məsul işçiləri və yerli bələdiyyə sədrləri mövcud vəziyyətlə tanış olandan sonra su altında qalan ərazilərə texnika və canlı qüvvənin cəlb olunmasına qərar veriblər.

Bunun ardınca Fovqalədə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə hadisə yerinə səfərbər olunub. Ağır texnika, maşın və mexanizmlərin köməyi ilə sel sularının fərdi yaşayış evlərinin həyətyanı sahələrindən kənarlaşdırılması istiqamətində tədbirlər görülməkdədir.

Astara rayon fövqəladə hallar komissiyasının sədri Allahverən Mahmudov deyib ki, dənizdə külək olduğundan kollektorların işləməsində çətinliklər yaranıb. Hazırda texnikalar, idarə və təşkilatların işci qüvvələri cəln olunub, dəymiş ziyan aradan qaldırılır.

 

Bölgədə yağmurlu hava şəraiti davam edir.

 

Müəllif | Apa.Tv