Bakıda Qurban bazarlığı - HEYVAN SATIŞI VƏ KƏSİMİ MƏNTƏQƏLƏRİNDƏN REPORTAJ

İslam aləmi müqəddəs Qurban bayramını qeyd edir. Bu münasibətlə  paytaxtın bir çox ərazilərində qurbanlıq heyvanların satışı təşkil olunur. Biz də qurbanlıq heyvanların satış-kəsim məntəqələrinə baş çəkib, vəziyyətlə maraqlandıq.

 

İlk baş çəkdiyimiz ərazi Xətai rayonu oldu. Qəssabların bəziləri səhər saatlarından alıcı qüvvəsinin çox olduğunu desə də, bir çoxu ötən illərlə müqayisədə bu il qurbanlıq heyvan alanların sayının azaldığını deyir.

 

- Ağcabədidən gətirmişik. Demək olar ki, səhər 8-dən başlamışıq, indiyə kimi də davam edirik. Özləri rayondan da gətirir. Kimin nəyə gücü çatır, elə də edir. Yaxşı qiymətlərdir. 100 manatdan başlayır, 160 manata kimi qiymətlər var.

 

- Ağcabədidən gətirmişik. Səhərdən başlamışıq, indidən işləyirik. Şükür, əladır. 150-250 manata kimi heyvanlar var.

 

- Ağcabədidən, Beyləqandan gətirmişəm. Nə versələr, o qiymətə də kəsirəm. 1 manat da versələr, kəsirəm. Qiymətlər 8-9 manatdır. Diri 15 kq 130 manat, 20 kq 150 manat. Zəifdir, çox yaxşı deyil. Vəziyyətlə əlaqədar bir az zəiflikdir.  20-30 dənə heyvan kəsmişik. Əvvəlki illərdə yaxşı idi, indi yox.

 

Alıcılarla da söhbətləşib, bayram düşüncələrini soruşduq:

 

- Kəsdirməyə gəlmişəm. Həm də alıb aparırıq özümüzlə. Kəsməyə özüm kəsə bilmirəm deyə, bura gətirmişəm. Kəsdirib aparıram evə. Qoçdur, erkək quzudur. Mən də nəzərdə tutmuşam ki, aparıb məhəllədə qonşulara verəcəyəm bir qismini, qalanı da qalacaq özümüzə.

 

- Qurbanlıq almağa gəlmişik. Hər il burada kəsdirirəm. Çox yaxşı qulluq edirlər, kəsməyi doğramağı, həm də münasib qiymət verirlər. Kiloqramı 10 manatdan verəcək. Qabaq çox alırdıq, indi böhranla əlaqəli ala bilmirik. Hamısını kasıblara verəcəyik, evdə də 1 kiloqram saxlayaram, ya saxlamaram. Ət yeyə bilməyənlərə, kasıblara vermək savabdır.

 

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkaya baş çəkdik. Nazirliklə yanaşı, digər sahibkarlar da öz qurbanlıq heyvanlarının satışını məhz burada həyata keçirirdi.

 

Bu ərazidə isə Kənd Təsərrüfatı Nazirliyinin regionlardan gətirdiyi qurbanlıq heyvanlar var ki, çəkisindən asılı olmayaraq, hər birinin qiyməti 100 manatdır.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Xətai və Nizami rayon Baytarlıq Sahəsinin müdiri Rəsul Səfərəli bildirdi ki, səhər saatlarından başlayaraq çəkisi 17, 18, 25 kiloqram olan 400-ə yaxın qurbanlıq heyvan satılıb: "Burada sahibkarlar tərəfindən də rayonlardan gətiriblər. Onlar da münasib qiymətlərə satırlar. Biz isə daha çox Şamaxı və Ağcabədi rayonlarından gətirmişik. Bu il Gürcüstandan heyvanlar gətirilməyib. Yəqin ki, qiymət razılaşması olmayıb, buna görə də yerli heyvanlarımız onlardan daha keyfiyyətli, daha sərfəlidir".

 

Səhər saatlarından başlayaraq bir neçə qurbanlıq heyvanların kəsim və satış məntəqələrinə baş çəkdik. Alıcıların sayında sıxlıq müşahidə olunmasa da, az da deyil. Əhali isə daha çox münasib qiymətlərə olan qurbanlıq heyvanlara üstünlük verir: "Biz də gəlmişik qurbanlıq almağa. Kəsib qurbanlığımızı həyata keçirərik. İndi maşını gözləyirəm gətirsin, alaq aparaq. Bu heyvanlardan alacam 100 manatdan. Qiymət burda münasibdir".

 

Beləcə, hər kəs öz cibinə uyğun olan qurbanlığı aldı, kəsdi və apardı. Allah qurbanlarınızı qəbul eləsin! Bayramınız mübarək!  

 

 

 

Müəllif | Apa.Tv
Apa.tv