Ağstafada usta işlədiyi evdən iki mərmi tapdı
Ağstafada yaşayış evində təmir zamanı mərmi aşkarlanıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, mərmini rayonun Xətai kəndində Arif Hüseynovun evində kanalizasiya xətlərini yeniləyən usta Ərəstun Həsənov aşkarlayıb. 100 ildən çox yaşı olan evin həyətini qazan usta 2 ədəd mərmi görüb. Təhlükəli ola biləcəyini nəzərə alan Ərəstun Həsənov dərhal ev sahibi və qonşuları əraziyə çağırıb.
Ev sahibi bir neçə ay öncə aldığı evdə əvvəllər rusların yaşadığını bildirib. Əraziyə rayon Polis əməkdaşları da baxış keçirib. Arif Hüseynovun həyətindən tapılan mərmilər ANAMA-nın Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən bölməsinin əməkdaşları tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.