Neft ucuzlaşır - DOLLARIN KÖLGƏSİNDƏ

Dünya bazarında neftin ucuzlaşması davam edir.

 

APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin 1 barelinin dəyəri 0,33 dollar azalaraq 47,99 dollar olub.
 

Qərbi Texas markası da dəyər itirib. WTI neftinin qiyməti 1 barelə görə 0,40 dollar azalaraq  45,89 dollar təşkil edib.

 

Bu dəfə qiymətlərin azalmasına səbəb hasilatın dondurulması, neft ehtiyatları və bu qəbildən olan digər amillər göstərilmir.

 

Ucuzlaşmaya səbəb ABŞ Federal Ehtiyatlar Sisteminin təmsilçilərindən biri, Boston Federal Ehtiyatlar Bankının prezidenti Erik Rozenqrenin uçot dərəcəsinin artırılmasının tərəfdarı olması ilə bağlı verdiyi son açıqlamadır.

 

Dolların məzənnəsi digər əsas valyutalara nisbətdə bir anda yüksəlib, bunun ardınca isə səhmlər, xammal və digər riskli aktivlər dəyərdən düşməyə başlayıb.

 

Yeri gəlmişkən, uçot dərəcəsinin artırılma ehtimalını əks etdirən füçerslərin dəyəri də artmağa başlayıb ki, bu da sentyabr ayı üçün bu artımın 20 faiz deyil, 30 faiz olacağını deməyə əsas verir.

 

Müəllif | Apa.Tv
Apa.tv