Sergey Şoyqu: "Dünyada sülhü biz yox, ABŞ pozur"
"Dünyada sabitliyin əsaslarını Rusiya deyil, ABŞ və onun qərbdəki tərəfdaşları pozur". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu səsləndirib.
"Dünyadakı sülhü, Amerikanın başa düşdüyü sülh anlayışı ilə qarışdırmaq olmaz. Çünki məhz ABŞ və onun qərbdəki tərəfdaşları Bosniya və Kosovodan başlayaraq, İraq və Liviyaya qədər mövcud olan sülh və sabitliyi ardıcıl olaraq pozub".
S. Şoyqunun bu bəyanatı Pentaqon rəhbəri Eşton Karterin Rusiyanı dünyada stabillik və sülhün pozulmasına yönələn addımlar atmaqda ittiham etməsinə cavab xarakteri daşıyır.
Xatırladaq ki, bir müddət öncə E. Karter Rusiyanı Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü pozmaqda, eləcə də hava məkanı, kosmos və kiber-aləmdə qeyri-peşəkar fəaliyyət həyata keçirməkdə, o cümlədən bütün dünyanı nüvə silahı ilə qorxutmaqda ittiham edib.