Hadı Rəcəbli: "Ərəb ölkələrindən gələn turistlərin çoxluğu..."

"Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sənayesində görülmüş tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılıb və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəldilib. 2016-cı il başlayandan prezident İlham Əliyev ardıcıl olaraq bu və ya digər istiqamətdə sərəncamlar imzalayıb. Bu sərəncamlar da əməktutumlu iş yerlərinin yaranmasına yönəlib. Prezident Azərbaycanda Turizm Şurasının yaradılması haqqında sərəncamı da məhz bu sahənin inkişafına istiqamətlənib. Milli Məclisə “Turizm haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə baxılmasının sürətləndirilməsi tövsiyə edilir".

 

Bunu APA TV-yə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib. O qeyd edib ki, bu gün ölkə üçün ən əhəmiyyətli addımlardan biri  əməktutumlu iş yerlərinin yaradılması  və  turizmlə bağlı qanun layihəsinin hazırlanmasının sürətləndirilməsidir.

 

"Hazırda həmin qanun layihəsi üzərində işləyirik. MM-in yaz sessiyasında da bu layihə üzərində kifayət qədər işlənilib. Bu tam fərqli layihədir, həcmi çoxdur. Təcrübə üçün biz dünyanın bir sıra qanun layihələrini də nəzərdən keçirdik. Türkiyədə mövcud qanun 124 maddədən ibarətdir. Azərbaycanda isə sözügedən qanun layihəsini 80 maddə civarında hazırlamaq istəyirik. Dövlət başçısının bu sahəyə xüsusi diqqəti, bu yay ölkəmizin turizm potensialını bir daha önə çıxardı. Əməktutumlu iş də məhz elə budur. Bu yay İran və Saudiyyə Ərəbistanından ölkəmizə səfər edənlərin sayı nəzərə çarpacaq dərəcədə dəyişdi. Turistlər Azərbaycana külli miqdarda vəsait gətirir və bunun nəticəsində yüzlərlə, hətta minlərlə yeni iş yerləri yaradılır".

 

Hadı Rəcəbli qeyd edib ki, Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək. Bunun üçün dəniz turizminin inkişafı, rekreasiya zonalarının yaradılması, sağlamlıq turizminin növlərinin artırılması, qış turizminin daha da inkişaf etdirilməsi də əsas istiqamətlərdəndir.

 

Bundan başqa dövlət başçısının sentyabrın 1-də imzaladığı sərəncam respublikamızda turizmin inkişafına yeni təkan verəcək. Sərəncamda Turizm Şurasının yaradılması, turizm sahəsinin müasir tələblər baxımından yenidən qurulması, ölkənin turizm potensialının təşviqi, yeni əlverişli aviareyslərin açılması, ticarət festivallarının keçirilməsi, o cümlədən digər mühüm məsələlər öz əksini tapıb və müvafiq tapşırıqlar verilib.

 

Sərəncamın əhəmiyyətini diqqətə çatdıran komitə sədri bildirib  ki, Azərbaycanda turizm sənayesinin inkişafı üçün atılan addımlar öz bəhrəsini verməkdədir.

O vurğulayıb ki, Azərbaycanda turizmin mövsümi xarakter daşımasının aradan qaldırılması ilə bağlı işlər də davam etdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv