Prezident yeni təmirdən çıxmış daha 2 məktəb binasına baş çəkdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Xətai rayonundakı 261 nömrəli məktəb-liseydə aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə bağlı dövlətimizin başçısına məlumat verib. 1979-cu ildən fəaliyyətdə olan məktəbdə bu il ilk dəfə təmir işləri aparılıb. Əsaslı təmir və yenidənqurma işləri prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın tədbirlər planında təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində həyata keçirilib.

 

Dövlət başçısının diqqətinə çatdırılıb ki, yeni dərs ili münasibətilə birinci sinif şagirdlərinə məktəbli çantası və digər dərs ləvazimatları hədiyyə ediləcək. Ümumi sahəsi 6600 kvadratmetrdən çox olan, 1176 şagirdin təhsil aldığı məktəbin bütün sinif otaqları yüksək səviyyədə yenidən qurulub və zəruri avadanlıqla təchiz olunub. Fənn laboratoriyalarının hamısı əyani dərs vəsaitləri ilə təmin edilib. Məktəbdə müasir idman avadanlıqları ilə təchiz olunan qapalı idman zalından əlavə, həyətdə yeni idman meydançası da yaradılıb. Sahəsi 2720 kvadratmetrdən çox olan meydançada şagirdlərin bədən tərbiyəsi dərslərini keçmələri üçün bütün imkanlar var. Yenidənqurma işləri çərçivəsində məktəbin ətrafında, təxminən 21 min 500 kvadratmetr ərazidə abadlıq işləri görülüb.

 

Məktəbdə yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev yeni dərs ilində kollektivə uğurlar arzulayıb.

 

Prezident İlham Əliyev Xətai rayonundakı 58 nömrəli tam orta məktəbin binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub.

 

Dövlət başçısına məlumat verilib ki, məktəbdə yeni dərs ilində şagirdlərin tədris, təlim və tərbiyə işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün hər cür şərait yaradılıb.

 

Tədris ocağında ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin təhsilin inkişaf etdirilməsi ilə bağlı gördükləri işləri əks etdirən fotostend qurulub. Bu il məktəb üçün 20 əlavə sinif otağı, 1 informatika və 3 fənn laboratoriyası inşa olunub. 576 şagird yerlik yeni sinif otaqlarında təlim-tərbiyə, tədris prosesinin yüksək səviyyədə həyata keçirilməsi üçün bütün şərait yaradılıb.

 

Diqqətə çatdırılıb ki, 58 nömrəli orta məktəbin binası 1926-cı ildə inşa edilib. 420 yerlik məktəbdə faktiki 900 şagird təhsil alıb. Təbii ki, bu, sıxlığa səbəb olmaqla yanaşı, təhsilin keyfiyyətinə də təsirsiz ötüşməyib. Məktəb üçün tikilən yeni sinif otaqları vəziyyəti kökündən dəyişəcək. Yeni tədris ilindən şagirdlər daha geniş və müasir təhsil tələblərinə cavab verən sinif otaqlarında dərs keçəcəklər. Kompyuter avadanlıqları ilə təchiz olunmuş siniflər, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da hazır vəziyyətə gətirilib.

Müəllif | Apa.Tv
Apa.tv