Şamaxıda 3 ailəyə məxsus 4 otaqlı ev yandı
Şamaxı rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı şəhərinin Ağamirzəli küçəsindəki 13 saylı mənzildə qeydə alınıb.
Rayon sakini Babayev Əliqulu Əli oğluna məxsus, ümumi sahəsi 150 kvadratmetr olan mənzildə yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı 4 otaqlı mənzil içərisindəki 3 ailəyə məxsus mebellər və digər əşyalarla birgə yanaraq yararsız hala düşüb.
Hadisə zamanı xəsarət alan olmayıb. Yanğına evin yaxınlığında yerləşən elektrik dirəyindəki naqillərdə baş verən qısaqapanmanın səbəb olduğu bildirilir. Ev sahibinin sözlərinə görə, külək əsən zaman küçədə olan elektrik dirəyindəki naqillərdə nasazlıq səbəbindən bir neçə dəfə qısaqapanma olub. Məsələ ilə bağlı dəfələrlə “Azərişıq” ASC-nin Şamaxı rayon Elektrik Şəbəkəsinə məlumat verilsə də, heç bir tədbir görülməyib.
Faktla bağlı araşdırma aparılır.