FHN istehsalçılardan qəbul olunan buğdanın qiymətini yenə qaldırdı

Fövqəladə Hallar Nazirliyi (FHN) istehsalçılardan qəbul olunan buğdanın qiymətini növbəti dəfə qaldırıb.

 

Nazirliyin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti bir ton 280 manat olub.

 

"Məlum olduğu kimi, 21 iyun 2016-cı il tarixindən etibarən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edib. Əlavə olaraq bildiririk ki, hazırda buğda istehsalçılarından qəbul olunan yüksək keyfiyyətli buğdanın qiyməti 1 ton üçün 270 manatdan 280 manata qaldırılıb. Həmçinin bir daha xatırladırıq ki, buğdanın tədarükü 1 noyabr 2016-cı il tarixinədək davam edəcək", - deyə məlumatda bildirilir.

 

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin www.fhn.gov.az saytına, 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

 

Qeyd edək ki, yerli buğda istehsalçılarından qəbul olunan keyfiyyətli buğdanın qiyməti bir ton üçün 250 manatdan 270 manata qaldırılmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv