İrandan Azərbaycana narkotik gətirən ata və 15 yaşlı oğlu yaxalandı
Sərhədçilərimizin sayıqlığı sayəsində Azərbaycana növbəti dəfə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, Füzuli rayonunun Qazaxlar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cəbhə bölgəsinə yaxın ərazidə minalanmış sahədən İrandan Azərbaycana narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olan mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.
8 sentyabr 2016-cı il tarixdə saat 23:00 radələrində Füzuli rayon sakinləri Rəşad Rəsul oğlu Məmmədov və Bəxtiyar Möhübbət oğlu İsayev narkotik maddə olan 535 qram heroini və 460 qram həşiş qətranını dövlət sərhədindən keçirərkən yaxalanıblar.
Əməliyyat-axtarış tədbirləri nəticəsində onlarla cinayət əlaqəsində olan Sumqayıt şəhər sakini Əliyev Ramil Hüseynağa oğlu müəyyənləşdirilərək saxlanılıb.
9 sentyabr 2016-cı il tarixdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Lənkəran rayonunun Balıqçılar qəsəbəsi ərazisində həyata keçirilən tədbirlər nəticəsində qəsəbə sakinləri - 1967-ci il təvəllüdlü Novruz Mirzəkişi oğlu Babaşov və 2001-ci il təvəllüdlü Dadaş Novruz oğlu Babaşov Xəzər dənizindən İrandan Azərbaycana narkotik maddə gətirərkən sahildə saxlanılıblar. Sərhədçilərin qanuni tələblərinə məhəl qoymayaraq motosikletlə hadisə yerindən qaçmağa cəhd göstərən qaçaqmalçılar DSX əməkdaşlarının sayıqlığı sayəsində yaxalanıblar. Novruz Babaşova məxsus motosikletə baxış keçirilərkən bir ədəd bağlamada 912 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.