ABŞ İraqda, Türkiyə Suriyada İŞİD-i bombaladı

İraq və Suriya ərazisində İŞİD terror təşkilatına qarşı əməliyyatlar davam edir. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hava və quru əməliyyatlarını beynəlxalq koalisiya və Türkiyə Silahlı Qüvvələri həyata keçirir.

 

Pentaqondan verilən açıqlamada İŞİD-in kimyəvi silah fabrikinə ABŞ rəhbərliyi ilə koalisiya güclərinin hava hücumu həyata keçirdiyi bildirilir. İraqın Mosul şəhəri yaxınlığında yerləşən fabrik keçmişdə dərman istehsalı müəssisəsi kimi fəaliyyət göstərib. Xlor qazı və xardal qazı (iprit) istehsal olunan fabrikin bombardman olunmasına bir B-52 döyüş təyyarəsinin də qatıldığı qeyd olunub.

 

Suriya ərazisində terrorçuların mövqelərinə həm havadan, həm də qurudan zərbələr endirilib. İŞİD-ə aid 6 hədəf Türkiyə Silahlı Qüvvələrinə məxsus "Fırtına" topları ilə məhv edilib. Ümumilikdə bu günə qədər 524 hədəfə 21 gün ərzində 2245 top atışı həyata keçirilib.
 

Koalisiya qüvvələri tərəfindən Yahmul, Kafer xan, Gözəl Məzra və Cakka bölgələrində müəyyən olunan İŞİD hədəflərinə 5 hava hərəkatı təşkil olunub. Altı terrorçu öldürülüb, altı müdafiə obyekti məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv