Rusiyadan şok açıqlama: Neft 30 dollara düşəcək
Rusiyanın Maliyyə Nazirliyi yaxın bir neçə il ərzində neftin qiymətinin 30 dollar həddinə qədər azalacağını mümkün hesab edir.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu cür bədbin proqnozla maliyyə nazirinin müavini Maksim Oreşkin çıxış edib.
Nazir müavini eyni zamanda 2017-2019-cu illərdəki büdcə layihəsinin hazırlanması zamanı "qara qızılın" 1 barel qiymətinin 40 dollardan hesablandığını xatırladıb
M.Oreşkin belə olan halda neftin qiyməti ilə bağlı ən kəskin ssenariyə daha çevik bir tərzdə uyğunlaşmanın mümkün olacağını qeyd edib.
Bu arada Federal Gömrük Xidmətinin məlumatına əsasən, 2016-cı ilin yanvar-iyul aylarında Rusiya neftinin ixracından əldə olunan gəlirin həcmi 30 faiz azalaraq 39,4 milyard dollara düşüb. Məlumat üçün deyək ki, ötən il bu göstərici 56,2 milyard təşkil edib.
Yeri gəlmişkən, aprel ayında energetika naziri Aleksandr Novak neftin hasilat qiymətinin bir barel üçün 2-15 dollar arasında tərəddüd etdiyini bildirib. Onun sözlərinə görə, bu göstərici neft hasilatçısı olan şirkətlərə xammalın istənilən qiymətə olması halında belə öz mövcudluğunu qorumağa kömək etmiş olur.
Qeyd edək ki, 14 sentyabr tarixinə olan birja xəbərlərində "Brent "markalı neftin 1 barel üçün 47 dollar civarında müəyyən olunduğu açıqlanıb.