Penitensiar Xidmətdə referendumla bağlı seminar-məşğələ keçirildi
Penitensiar Xidmətin tabe qurumlarında Konstitusiyaya dəyişikliklərlə əlaqədar sentyabrın 26-a təyin edilmiş referenduma hazırlıq işlərinə həsr olunmuş seminar-məşğələ keçirilib.
APA TV-nın məlumatına görə, seminar-məşğələdə Penitensiar Xidmətin rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova, MSK Katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin rəisləri, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin yerləşdiyi dairələrin seçki komissiyalarının sədrləri iştirak ediblər.
Penitensiar Xidmətin rəisi Ceyhun Həsənov deyib ki, referendum insan hüquq və azadlıqlarının müdafiəsinə, prezidentlik institutunun gücləndirilməsinə xidmət edir: “Konstitusiyaya edilən dəyişikliklər də zərurətdən irəli gəlir. Dəyişikliklər islahatların daha sürətlə həyata keçirilməsinə zəmin yaradacaq”.
C.Həsənov Penitensiar Xidmətin tabe qurumlarında referendumla əlaqədar Tədbirlər Planının təsdiqləndiyini bildirib: “Penitensiar Xidmətin rəisi müavininin rəhbərliyi ilə qərargah yaradılıb. İstintaq təcridxanaları və cəzaçəkmə müəssisələrinin yerləşdiyi 14 ərazi dairəsində 26 seçki məntəqəsi var".
MSK katibi Arifə Muxtarova referendumun təşkili və səsvermə proseduru ilə əlaqədar geniş məlumat verib. Bildirib ki, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində olan şəxslərin səsvermə hüquqları var: “KİV nümayəndələrinin jurnalist vəsiqəsi ilə seçki prosesini izləmək imkanları var. Sadəcə, ona diqqət etmək lazımdır ki, məhbuslar onların görüntüsünü yayılmasını istəməyə bilər. Bu onların hüquqlarıdır”.
MSK Katibliyinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli MSK-nın qəbul etdiyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirildiyini deyib.
Seminar-məşğələ müzakirələrlə davam edib.