Sabahdan hava şəraiti dəyişir: yağışlar başlayır - XƏBƏRDARLIQ

Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, gecə və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə  19-22° isti, gündüz  26-30° isti, Bakıda gecə  19-21° isti, gündüz  27-29° isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq da edib. Bildirilib ki, sentyabrın 16-17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək.

 

Sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 18-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Müəllif | Apa.Tv
Apa.tv