Prezident İlham Əliyev IT STEP akademiyasında görülən işlərlə tanış olub

Azərbaycan prezidenti İlham Əliyev Binəqədi rayonunda əsaslı təmir edilmiş 9 nömrəli Bakı Peşə Liseyinin bazasında yaradılmış IT STEP akademiyasında görülən işlərlə tanış olub.

 

APA TV-nin məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov dövlət başçısına məlumat verib ki, 9 nömrəli Bakı Peşə Liseyinin tədris korpusu bu il əsaslı təmir olunub.

 

Ümumi sahəsi 1400 kv. metrdən çox olan korpusda yeni dərs ilindən IT STEP akademiyası fəaliyyət göstərəcək.

 

IT STEP akademiyası 1998-ci ildə yaradılıb və hazırda dünyanın 17 ölkəsində 44 filialı var. Akademiyada 3 ixtisas sahəsi - kompüter qrafikası və dizayn, proqram təminatı, şəbəkə texnologiyası üzrə mütəxəssislər hazırlanır. Tədris prosesi 1900 akademik saatdan ibarətdir və 2 il yarım çəkir. IT STEP-i bitirən müdavimlərə diplomla yanaşı, “Cisco Microsoft” və “Autodesk” şirkətlərinin sertifikatları da verilir.

 

Bakıda fəaliyyətə başlayan akademiyada 8 yaşından 55 yaşınadək 2100 şəxs təhsil ala bilər.

 

Qeyd edək ki, hazırda Azərbaycanda 115 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsi mövcuddur. Burada təxminən 24 minə yaxın şagird təhsil alır, 6 minə yaxın pedaqoji və köməkçi heyət çalışır.

Müəllif | Apa.Tv
Apa.tv