Qusarda polisi öldürən şəxs necə zərərsizləşdirilib? - TƏFƏRRÜATLAR

Qusarda bir polis zabitini öldürən, üç əməkdaşı yaralayan mütəşəkkil cinayətkar qruplaşmanın üzvlərindən Edik Rüstəmovun zərərsizləşdirilməsi əməliyyatının təfərrüatları məlum olub. APA TV xəbər verir ki, Qusar rayon Polis İdarəsindən “Vesti.az”a verilən məlumata görə, insidentin əsas iştirakçısı sayılan Edik Rüstəmovun meşə massivi yaxınlığında, göl kənarında yerləşən evlərdən birində gizləndiyi müəyyənləşib. Qusar rayon Polis İdarəsinin və Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsi dərhal əraziyə gedib. Ev mühasirəyə alınıb, Edik Rüstəmova təslim olmaq təklif edilib, lakin o, təklifdən imtina edib və güc strukturlarının əməkdaşlarına atəş açmağa başlayıb.  Qolundan yaralanan Rüstəmov əl qumbarasını partladaraq intihar edib.

 

Qeyd edək ki, bundan əvvəl keçirilən əməliyyatda polis zabitini öldürən qruplaşmanın digər iki üzvü Faiq Şahmuradov və Ramiz Rəhimxanov zərərsizləşdirilib. Saxlanan zaman silahlı müqavimət göstərən hər iki şəxs öldürülüb. “Vesti.az” zərərsizləşdirilən hər üç şəxsin radikal vəhhabi qruplaşmasının üzvü olduğunu bildirir.  

Müəllif | Apa.Tv
Apa.tv