Göyçayda qeyri-adi hadisə: çəkisi 29 kq olan balqabaq yetişdirdi

Göyçay rayon sakini qeyri-adi balqabaq yetişdirib. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayonun Çaxırlı kənd sakini Teyyub Xasməmmədov öz təsərrüfatında demək olar möcüzə ilə qarşılaşıb.

 

Hər il şəxsi bostan sahəsində balqabaq əkini ilə məşğul olan Teyyub Xasməmmədov bu ilin aprelində yenə ənənəvi olaraq bu bitkinin tumunu torpağa əkir və 5 ay qulluq edir. Bu günlərdə sahələrdən məhsul toplanışına başlayan Teyyub Xasməmmədov bir tağın üzərində 13 ədəd iri həcmdə balqabaq olduğunu görəndə təəccüblənib. “Ağ boranı” sortundan olan həmin balqabaqların çəkisi 22-26 kiloqram, ən böyüyü isə 29 kiloqram olub.

 

Teyyub Xasməmmədov qeyd edib ki, təsərrüfatındakı başqa tağların üzərindəki boranıların birinin çəkisi cəmi 6-8 kiloqram olur. Yalnız bir tağdakı balqabaqların həddən artıq böyük həcmdə olması hamını təəccübləndirib. Kənd sakinlərinin marağına səbəb olan bu balqabaqların başqalarından 4 dəfə böyük olmasının səbəbi məlum deyil.

 

Qeyd edək ki, Teyyub Xasməmmədov şəxsi təsərrüfatında “bal boranı”, “ağ boranı”, “qalın qabıq” sortlarından olan balqabaq yetişdirir. Onun sözlərinə görə, tərkibində su, sellüloza, azotlu maddə, yağ, vitaminlər və zülalın olduğu balqabaq sağlamlıq üçün olduqca faydalıdır. Beyin fəaliyyətini qüvvətləndirən balqabaqdan vitamin preparatları, şirniyyat sənayesində və müxtəlif içliklər hazırlanmasında istifadə edilir. Xalq təbabətində müalicəvi vasitə kimi istifadə olunan balqabaq yumşaldıcı xassəyə malikdir, sidikqovucu və tərqovucudur. Bişmiş balqabaq qızdırma və öskürəkdə effektli təsirə malikdir.

 

Müəllif | Apa.Tv
Apa.tv