Səudiyyə hasilatda ABŞ-ı keçdi, neft ucuzlaşmağa başladı

Dünya bazarında neftin qiymətində yenidən ucuzlaşma qeydə alınıb. APA TV-nin məlumatına  görə, ötən gün 47 dollardan baha satılan "Brent" neftinin 1 bareli hazırda  46,12 dollardan təklif olunur.


Qərbi Texas markası da xeyli ucuzlaşıb. WTI neftinin 1 bareli səhər seanslarında 43,72 dollardan satılır. Bu qiymət ötən gün qeydə alınan qiymətlərdən 1,50 dollar aşağıdır.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı neft hasilatında ABŞ-ı ötərək dünyada birinci yerə çıxıb. Beynəlxalq Enerji Agentliyinin (İEA) aylıq hesabatına görə, avqust ayında bu ölkə neft istehsalı sutkada 12,6 milyon barelə çatıb. ABŞ-da isə günlük istehsal 12,2 milyon bareldir. Səudiyyə Ərəbistanı 2014-cü ilin aprel ayından bəri ilk dəfə birinciliyə yüksəlib.
 

Qiymətlərin düşməsi ABŞ-da yüksək xərclərlə neft hasil edən şirkətlərin işinə mənfi təsir edib. Bu ölkədə neftin hasilat tempini azaldıb. ABŞ-da neft hasilatının daha da azalacağı gözlənilir.

 

Səudiyyə Ərəbistanında isə hasilat daha ucuz başa gəlir. Nəticədə ölkənin gündəlik hasilatı  orta hesabla 400 min barel artıb. Bu ölkədə neft hasilatının artması qiymətlərin düşməsinə səbəb olacaq amildir. Eyni zamanda Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması yolu ilə qiymətlərin qaldırılması üçün fəallıq göstərən ölkələrdən biridir. 

Müəllif | Apa.Tv
Apa.tv