Masallıda yeni tikilmiş 2 məktəbin açılışı oldu
"Bilik günü" Masallıda da təntənəli şəkildə qeyd olunub. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Köhnə Züvand və Çayqıraq kəndlərində yeni inşa olunmuş ümumtəhsil məktəblərinin açılışı mərasimləri keçirilib.
Rayonun dağlıq ərazisində Köhnə Züvand kənd ümumtəhsil məktəbinin açılışında tədbir iştirakçıları təhsil müəssisəsi ilə tanış olub. 120 yerlik Köhnə Zuvand kənd ümumtəhsil orta məktəbində 84 şagirdin təhsil alması üçün lazımi şərait yaradılıb. Yeni inşa olunmuş məktəblə bağlı pedaqoji kollektivi və yerli sakinləri təbrik edən icra başçısı Rafil Hüseynov yeni məktəblərin inşasının təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli təsir etdiyini vurğulayıb. Onun sözlərinə görə, son illər təkcə Masallı rayonunda 40-a yaxın məktəb tikilib və ya təmir olunub.
Növbəti açılış mərasimi rayonun Çayqıraq kəndində 140 şagird yerlik ümumtəhsil məktəbinin yeni binasında keçirilib. Məlumat verilib ki, məktəbdə ilkin mərhələdə 128 şagird təhsil alacaq. Burada 10 sinif otağı, 2 laboratoriya, kompüter otağı, kitabxana fəaliyyət göstərəcək.