Bakının azad olunmasının 98-ci ildönümü münasibətilə Türk Şəhidliyi ziyarət olundu

Bakının erməni və bolşeviklərin işğalından azad olunmasının 98-ci ildönümü ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasimdə Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, millət vəkili Qənirə Paşayeva və ictimaiyyət təmsilçiləri iştirak edib.

 

Əvvəlcə 1918-ci ildə Bakının işğalçılardan təmizlənməsi zamanı qəhrəmanlıqla şəhid olan türk əsgərlərinin xatirəsi yad edilib, onların şərəfinə ucaldılan abidə önünə əklil qoyulub.

 

Anım tədbirində çıxış edən Türkiyə səfirliyinin müvəqqəti işlər vəkili Meral Barlas 1918-ci ildə baş verən hadisələr, eləcə də erməni daşnak-bolşevik birləşmələrinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat verib. O, Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun qəhrəmanlığının bu gün də unudulmadığını, onların əziz xatirəsinə həm Azərbaycanda, həm də Türkiyədə daim ehtiram göstərildiyini bildirib: "Bu gün bizim qardaşlığımızın təməlini təşkil edir. Həmin tarixdə əsgərlərimiz ölümü gözə alaraq Bakıya gəldilər və Bakının işğaldan azad edilməsinə öz töhfələrini verdilər. Onları bu gün gözəl Bakıda anmaqdan böyük məmnunluq hissi duyuruq".

 

Tədbirin yekununda xatirə kompleksi ziyarət edilib, üzərinə gül dəstələri düzülüb.

 

Müəllif | Apa.Tv
Apa.tv