Azərbaycanda yəhudi icması sədrinin evinə basqın edənlərə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dağ yəhudiləri" dini icmasının keçmiş sədrinin evindən quldurluqla külli miqdarda pul əldə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Xalid Seyidov 12 il, Eldar Avadyayev 14 il, Coşqun Əliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, quldurluq hadisəsi 2014-cü il dekabrın 6-da olub. Eldar Avadyayev, Xalid Seyidov və Coşqun Əliyev balta və bıçaqla silahlanaraq, tanınmamaq üçün maska taxıb, "Dağ yəhudiləri" dini icmasının sədri, Quba rayonunun Qırmızı qəsəbə sakini Boris Simanduyevin evinə basqın ediblər. Onlar ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər, qadını bıçaqlayıblar. Evdən ümumilikdə 395 min dollar, 91600 manat və 28 min rubl və qızıl-zinət əşyaları aparılıb.
Onu da qeyd edək ki, B. Simanduyev bir müddət əvvəl sədrlikdən istefa verib.