Dərsə gedən bir uşaq... - BİLİK GÜNÜ REPORTAJI

Bu gün bilik günüdür. İlk sevinc, ilk həyəcan... Ən həyəcanlı olanlar isə təbii ki, birincilərdir. Onlar səliqəli məktəbli geyimində, əllərində çanta və gül dəstəsi ilə ilk dəfə məktəbə qədəm qoydular.

 

APA TV-nin məlumatına görə, ilk günün həyəcanını hərə bir cür yaşadı. Bu isə yenə də hər il olduğu kimi, maraqlı görüntülərə səhnə oldu.

 

Hər il olduğu kimi, bu ildə valideynlərin sayı uşaqlara bərabər idi. Məktəblərin həyətində böyük qələbəlik yaşanırdı.

 

Birincilər ilk dəfə məktəb, sinif yoldaşları və müəllimləri ilə tanış oldular. Özləri ilə bərabər valideynləri, nənə və babaları da həyəcanlı idi birincilərin.

 

- Çox həyəcanlıyam, nəvəm birinci sinfə gedir. Sevinirəm, hər kəsin övladı xeyirlə getsin.

 

- İlk övladımdır. Bu gün çox sevinirəm. Müəllimlərə səbir, övladlarımıza isə sağlıq və açıq zəka arzulayıram.

 

- Qızımı birinci sinfə gətirmişəm. Hazırlıqda olub, bilikli, bacarıqlı uşaqdır. Sevinirəm ki, bu il testdən yaxşı bal toplayıb.

 

- Bu sevinci beşinci dəfədir yaşayıram. Uğurlu, xeyirli illər arzu edirəm.

 

Maraqlıdır ki, insanların ən çox bölüşdüyü xatirələr də məhz məktəb illərinə aiddir. Aramızda az adam tapılar ki, məktəb xatirələri, özü də ilk “Bilik günü” ona maraqlı olmasın. Çünki yetkin, istedadlı, nüfuzlu bir şəxsiyyət kimi görməyə alışdığımız insanların balaca uşaqkən məktəb həyatındakı ilk həyəcanı adama həm təəccüblü, həm də məzəli gəlir. Biz də azyaşlı uşaqların i ilk dərs günü keçirdikləri həyəcanın şahidi olduq. Onların o həyəcanlı baxışları bizə o illəri xatırlatdı.

 

İlk zəng çalındı və yeni tədris ili rəsmən başladı. İlk zəng çalınanda onlardan güləni də var idi, ağlayanı da. Həyəcanları yerə göyə sığmırdı. Bəziləri məktəbi böyük sevinclə qarşılayır, bəziləri isə göz yaşları ilə.

 

Bilik günündə bu tədris ilində ölkə üzrə 164 033 nəfər şagird I sinfə gedəcək. 4472 ümumi təhsil müəssisəsində təhsil alacaq şagirdlərin ümumi sayı isə 1 415 242 nəfər təşkil edəcək.

 

Onlar ilk dəfə məktəblə, sinif yoldaşları və müəllimləri ilə tanış oldular. Bəzilər isə sanki çoxdan məktəblidir. Nə ilk dərs həyəcanı, nə də kamera təsir edirdi onlara. Şeir demək üçün yarışa girmişdilər.

 

Yeni dərs ilində Bakı şəhəri üzrə 43 397 şagird I sinfə gedəcək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərdə yeni tədris ilində 354 573 nəfər şagird təhsil alacaq.

 

Yeni dərs ili üçün 261 adda 6 623 135 nüsxə yeni dərslik və müəllim üçün metodik vəsait çap olunub. Yeni nəşr olunmuş dərsliklər rayon (şəhər) təhsili idarəetmə orqanlarına avqustun ortalarından çatdırılıb və onların məktəblərə paylanılması təşkil edilib.

 

Yolunuz açıq, uğurlarınız daimi olsun, əziz məktəblilər!

Müəllif | Apa.Tv
Apa.tv