ADİU-nun Zaqatala filialı fəaliyyətə başladı
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Zaqatala filialının açılış mərasimi olub.
APA TV-nin məlumatına görə, mərasimdə universitetin rektoru Ədalət Muradov, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, müvafiq qurumların nümayəndələri və tələbələr iştirak edib.
Mərasim iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra onlar ADİU-nin Zaqatala filialının fəaliyyətə başlaması və yeni binasının açılış mərasiminə qatılıblar. Tədbirdə çıxış edən ADİU-nin rektoru Ədalət Muradov və Zaqatala RİH-in başçısı Mübariz Əhmədzadə dövlətin təhsilə qayğısından danışıb, müəllim kollektivini və tələbələri ADİU-nin Zaqatala rayon filialının fəaliyyətə başlaması münasibətilə təbrik edib, onlara tədrisdə uğurlar arzulayıblar.
Tədbirdə vurğulanıb ki, bütün lazımi invertarlarla təchiz edilmiş yeni binada ölkənin 37 rayonundan 113 tələbə təhsil alacaq. Daha sonra tələbə adını qazananlara tələbə biletləri təqdim olunub.
Qeyd edək ki, prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli qərarı ilə 2016-cı il iyul ayının 1-dən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab edilib.