"Elmlər Akademiyası"nın əsas girişi təmirdən sonra istifadəyə verildi
Metronun "Elmlər Akademiyası" stansiyası təmirə bağlanmış girişi sərnişinlərin istifadəsinə verilib.
APA TV-nin xəbərinə görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Nəsimi Paşayev bildirib ki, aprel ayının 15-dən təmirə bağlanan stansiyanın istismar müddəti başa çatmış 3 eskalatoru dəyişdirilib və müəyyən təmir işləri aparılıb: "Bu stansiyanı təmirə bağlayarkən əsas məqsədimiz istismar müddətini başa vurmuş hər üç eskalatoru dəyişdirmək idi. Eskalatorun dəyişdirilməsi üçün müvəqqəti olaraq stansiyanı bağlamaq məcburiyyətində qaldıq. Eyni zamanda stansiyada təmir işləri aparmaq qərarına gəldik. Ümumilikdə təmirin 6 ay davam etdirilməsi, stansiyanın oktyabr ayında açılması planlaşdırılırdı. Ancaq bilirsiniz ki, artıq sentyabrın 15-dən qış qrafikinə keçmişik və sərnişin sıxlığı müşahidə olunur. Ona görə biz gecəli-gündüzlü çalışdıq ki, dərs ilinin başlanğıcına stansiyanı istifadəyə verək".
Onun sözlərinə görə, stansiyanın arxitekturasına toxunulmayıb: "Sadəcə, istifadə müddəti keçmiş, yararsız hala düşmüş elementləri dəyişdirmişik. Mərmər üzlüklər dəyişdirilib, şəbəkələr olduğu kimi qalıb. Çilçıraqları dəyişmişik, yeni havalandırma sistemi tətbiq olunur, stansiyada qapıların üzərində gördüyünüz kimi, yeni ventilyasiya sistemi quraşdırılıb. Qapılar tamamilə yenilənib, paslanmaz dəmirdən istifadə olunub, dözümlü şüşələrdən istifadə edilib. Eyni zamanda stansiyanın üst və yan hissəsində bizim inzibati binanın otaqları var, otaqlardakı bütün kondisioner sistemi yığışdırılıb və mərkəzi havalandırma sistemindən istifadə edilib".
Yeni təmirdən çıxmış stansiyanın yeniliklərindən biri də gördüyünüz bu sarı zolaqdır ki, metrodan istifadə edən fiziki məhdudiyyətli şəxslər üçün nəzərdə tutulub.
Bundan başqa, "Bakı Metropoliteni" QSC növbəti sosial layihə də həyata keçirib. 15 sentyabr - Bilik günü münasibətilə Bakının bütün metro stansiyalarına daxil olan məktəblilər sürprizlə qarşılaşıblar. Belə ki, "Bakı Metropoliteni" QSC sosial layihə həyata keçirib, balaca məktəblilərə müxtəlif suallar verməklə onlara hədiyyələr təqdim edib: "Çalışdıq ki, "Bakı Metropoliteni" QSC olaraq metrodan istifadə edən balaca sərnişinlərimizi məktəblilərimizi özümüzə məxsus şəkildə təbrik edək. Onlar üçün xüsusi açıqcalar hazırlamışıq, orada şeirlər var, bu şerlərin hər biri bizim bir stansiyanın adına bərabərdir. Tapmaca formasındadır, tapmacanı tapanda bir stansiyamızın adı tapılır. Onlara müxtəlif hədiyyələrimiz var. Əsas məqsəd bizim balaca şagirdlərimizi, məktəblilərimizi sevindirmək, onlara sürpriz hazırlamaq və Bilik günündə onları təbrik etməkdir".
Qeyd edək ki, aksiya gün boyu bütün stansiyalarda davam edəcək.