BANM-də yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirildi
Bakı Ali Neft Məktəbində (BANM) 2016/2017-ci tədris ilinin başlanması münasibətilə təntənəli mərasim keçirilib.
APA TV-nin xəbərinə görə, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, BP şirkətinin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qordon Birrell, o cümlədən SOCAR-ın vitse-prezidentləri və struktur rəhbərləri, Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və beynəlxalq transmilli şirkətlərin rəhbərləri, eyni zamanda BANM-in professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.
Tədbiri giriş nitqi ilə açan BANM-in rektoru Elmar Qasımov 2016/2017-ci tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış tələbələri və onların valideynlərini yeni tədris ili münasibətilə təbrik edib. Ali Məktəbin qısa zamanda əldə etdiyi uğurları, görülən işlər və perspektivlər haqqında danışan rektor bildirib ki, bu il ali məktəblərə I qrup üzrə keçirilən qəbulda BANM üzrə ümumi orta göstərici 667 bal olub. O, I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 2 tələbənin məhz bu ali təhsil müəssisəsinə daxil olduğunu deyib.
SOCAR prezidenti Rövnəq Abdullayev ali məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. SOCAR prezidenti Prezident İlham Əliyevin fərmanı ilə yaradılan ali məktəbin qısa müddət ərzində infrastrukturunun, yüksək ixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində böyük işlər görüldüyünü və bunun nəticəsində yüksək nailiyyətlər əldə edildiyini bildirib.
BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbinin yüksək səviyyəli gənc peşəkar kadrların hazırlanmasında rolunu yüksək qiymətləndirib. O, hər il ali məktəbin tələbələrinin BP-nin layihələrində uğurla iştirak edərək I yeri qazandıqlarını qeyd edib.
Tədbirin sonunda 2016/2017-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrinə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim edilib.