OPEK, Liviya və Nigeriyadan gələn xəbərlər nefti sürətlə ucuzlaşdırır
Dünya bazarında "qara qızıl" yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, son 24 saat ərzində birjalarda "Brent" markalı neftin bir barelinin maksimum qiyməti 46,90 dollar olub. Səhər saatlarında isə qiymətlər ucuzlaşaraq 46,34 dollar səviyyəsinə enib.
Qərbi Texas neftinin qiymətində də ucuzlaşma müşahidə olunur. Hazırda hərraclarda WTİ nefti 43,66 dollardan təklif olunur.
Neftin ucuzlaşmasına iki amil təsir göstərib. ABŞ-da benzin ehtiyatlarının artmasının ardınca OPEK də bazarda təklifin tələbi üstələməsinə dair hesabat açıqlayıb. Hesabata əsasən, 2017-ci ilin əvvəlinə kimi dünya bazarında neft təklifi tələbi üstələməkdə davam edəcək. Bu isə qiymətlərin daha da ucuzlaşması deməkdir.
Treyderlər hesab edir ki, Nigeriya və Liviyadan neft nəqli bərpa olunarsa, bu, qiymətlərə mənfi təsir göstərəcək. Liviya Milli Neft Korporasiyası general Xəlifə Xaftara loyal silahlı qüvvələrin ələ keçirdiyi üç limanın artıq dövlətin nəzarətinə keçdiyini açıqlayıb. Korporasiya bəyan edib ki, bu limanların ən azı ikisindən neft nəqli yaxın saatlarda bərpa olunacaq. Nigeriya isə neft yataqlarında fors-major vəziyyətini saxlamağa rəğmən oktyabr ayı üçün neft satışlarını bərpa etdiyini açıqlayıb. Bu amillər gələn həftənin ilk hərraclarında neftin daha da ucuzlaşacağını ehtimal etməyə əsas verir.