Vahid Ələkbərov: "Neft yenidən 100 dollar olacaq"
"Yaxın üç il ərzində neftin qiyməti 60 dollardan yuxarı olacaq, 2020-ci ildən sonra isə 1 barel neft 100 dollardan satılacaq".
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, belə bir açıqlama ilə "LUKoil" neft şirkətinin prezidenti, milyarder Vahid Ələkbərov çıxış edib.
V.Ələkbərov həmçinin göstərilən vaxtda neft qıtlığının yarana biləcəyini də istisna etməyib.
"LUKoil" rəhbəri eyni zamanda bu sahədə fəaliyyət göstərən digər həmkarlarının da onunla eyni fikirdə olduğunu bildirib. Neft maqnatı fikirlərini yeni neft yataqlarının aşkarlanması üçün geoloji kəşfiyyat işlərinin aparılmasına 5-7 illik müddətin tələb olunduğu ilə əsaslandırıb.
Vahid Ələkbərov "qara qızılın" 2017-ci ildə 1 barel üçün 40-50 dollardan satılacağını da qeyd etməyi unutmayıb. 2018-ci ilə gəlincə, "LUKoil" həmin dövrə olan qiymətlərin 50-60 dollar arasında dəyişəcəyini bildirib.
Xatırladaq ki, daha öncə Rusiyadakı neft şirkətlərinin mütəxəssisləri qiymətin 100 dollara artıq 2016-cı ildə çatacağını açıqlasa da, onların bu proqnozu özünü doğrultmayıb.
Öz növbəsində "QazpromNeft" şirkətinin rəhbəri Aleksandr Dyukov da bir müddət əvvəl 100 dollarlıq proqnozla çıxış edərək, bunun yalnız OPEK-in aqressiv siyasətdən imtina edəcəyi halda, 7-10 il ərzində reallaşacağını bildirmişdi.