Yağış güclənəcək, bölgələrdə sulu qara keçəcək - XƏBƏRDARLIQ
Bakı və Abşeron yarımadasında sentyabrın 17-də arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 18-21, gündüz 23-26 dərəcə, Bakıda gecə 18-20, gündüz 24-26 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 17-də Abşeron yarımadasında təmiz və sakit hava şəraiti müsbət amil olsa da, havada rütubətin çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 23-28 dərəcə, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.