Lənkəranda çəltik biçini - REPORTAJ

Bir neçə gündür Lənkəranda çəltik biçininə başlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, havaların yağmurlu keçməsi bir sıra çətinliklər yaratsa da, əkinçilər məhsulu itkisiz yığmağa çalışırlar.

 

Təqdirəlayiq haldır ki, bu il rayonda biçin İtaliya istehsalı olan kombaynın köməyi ilə həyata keçirilir. Bu kombayn torpağın palçıqlı olmasına baxmayaraq, sahədə sərbəst hərəkət edərək məhsulu son dənəsinə kimi yığmaq qabiliyyətinə malikdir.

 

Aqronom İsrafil İsrafilovun sözlərinə görə, biçinə sentyabrın 6-dan başlanıb: "4 növdə - haşimi, apola, meko və qara düyü əkmişik. Haşiminin məhsuldarlığı 4-5 tondur. Bizim gözlədiyimizdən də yaxşı məhsul verir. Apola, meko və qara düyü isə hər hektarda 8, 9 və bəzən 10 ton məhsul verir. Ümid edirik ki, biz bu il həmin məhsuldarlığı əldə edəcəyik".

 

Qeyd edək ki, bu ildən Lənkəranda həmçinin qara düyünün kütləvi istehsalına başlanıb. Bir sıra xəstəliklərin müalicəsində xüsusi rola malik olan qara düyüyə bazarda tələbat xeyli yüksəkdir. Elə bu səbəbdən bu il rayon ərazisində ötən ildən 3 dəfədən artıq qara düyü əkilib. Hər hektardan isə 8-10 ton məhsul əldə etmək nəzərdə tutulur: "İtalyanlar bu sortu mədəniləşdiriblər. Biz bunu Türkiyədən gətirmişik. Həmçinin mən qara düyünün respublikanın dükanlarında, marketlərində 24 manata görəndə məndə maraq yarandı və keçən il o düyüdən gətirdik, həmin çəltikdən əkdik".

 

Ötən il cəmi iki hektar ərazidə əkilən qara düyü növündən 12 ton məhsul əldə etmək mümkün olub. Qara düyüyə tələbatın çox olduğunu görən fermerlər bu il ərazini genişləndirərək 6 hektara çatdırıblar.

 

Məlumata görə, qara düyü digər düyülərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, bu düyüyə qara rəng verən faydalı antioksidantlardır. Antioksidantlar zərərli molekulları udur, arteriyaları gücləndirir, DNT-nin  dağılmasının qarşısını alır və bununla da xərçəngə tutulma riskini azaldır. Qara düyü həmçinin saçların tökülməsinin, qan azlığının qarşısını alır, doğuşdan sonra qadın orqanizmini bərpa edir. Bu düyüdən tez-tez istifadə etmək allergiya, astma xəstəlikləri və onların simptomlarının qarşısını alır.

 

Dəyirmançı Vüsal Cahangirov deyir ki, builki qara düyümüz keçən ilkinə baxanda daha artıq olacaq: "Bu da onunla bağlıdır ki, qara düyünün xeyri daha çoxdur, çoxlu xəstəliklərə xeyri var. O cümlədən şəkər xəstəliyinin dərmanıdır deyirlər. Tələbat artıq olduğuna görə istehsalı artırmışıq".

 

Qeyd edək ki, bu il Lənkəran rayonu ərazisində 200 hektardan artıq çəltik əkilib. Gələcəkdə bu rəqəmin 500 hektara çatdırılması nəzərdə tutulur.

Müəllif | Apa.Tv
Apa.tv